Xalq Cəbhəsi üzvü 20 sutka həbs edilib

Tərlan Baxışlı

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nizami rayon şöbəsinin fəalı Tərlan Baxışlının 20 sutka müddətinə həbs edildiyi bildirilir.

Partiyadan yayılan açıqlamaya görə, sentyabrın 25-də səhər saatlarında o, kirayə yaşadığı evdən çıxıb, daha sonra onunla əlaqə qurmaq mümkün olmayıb: "Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib".

Partiyadan onun şərləndiyini düşünürlər.

Hələlik məsələnin detallarını öyrənmək və AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bəyan edir.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 328 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri qanunazidd əmələ görə mühakimə olunublar.