AXCP üzvünün saxlanıldığını bəyan edir

Polis

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir üzvünün inzibati qaydada həbs olunduğu, digərinin isə saxlanıldığı bildirilir.

Partiyadan oktyabrın 15-də verilən məlumata görə, Nərimanov rayon şöbəsinin üzvü Elməddin Muradov heç bir qanun pozuntusu törətmədiyi halda, 30 sutka müddətinə inzibati həbsə məhkum edilib. Onun əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirləndirildiyi deyilir.

AXCP bundan əvvəl onun polislər tərəfindən saxlanıldığını açıqlamışdı. Lakin məsələnin detallarını öyrənmək və AXCP-nin yaydığı bu məlumata rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Partiyanın yaydığı digər məlumatda isə oktyabrın 14-də partiya üzvü Mətanət Turan və övladının Abşeron rayon Polis İdarəsinə aparıldığı bildirilir.

AXCP-dən M.Turana yaxın şəxslərin açıqlamasına görə, onlar haqqında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanıb. Bununla belə, onlarla bağlı da rəsmi qurumlardan hər hansı bir dəqiqləşdirmə aparmaq mümkün olmayıb.

Mətanət Turanın ev dustaqlığına buraxıldığı deyilir

Oktyabrın 16-sı günün ikinci yarısında M.Turan və övladının evinə buraxıldığı bildirilib.

Yaxınları onun son günlər hicab taxan şagirdlərin məktəbə buraxılmaması ilə bağlı keçirilən etirazlara görə saxlandığını güman edirdilər.

Məsələ ilə bağlı rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib. Yeni qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsinə yol verilmir. Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərinin konkret olaraq nələri əhatə etdiyi açıqlanmır. Ardınca da istər Bakıda, istərsə də bölgələrdə bəzi məktəblərə hicablı şagird və müəllimlərin dərslərə buraxılmadığı ilə bağlı şikayətlər eşidilib.

Son günlər isə bununla bağlı bir çox məktəblərdə valideynlərin və şagirdlərin etiraz aksiyası keçirdikləri, dərsləri boykot etdikləri bəlli olub.

Daxili İşlər Nazirliyi oktyabrın 14-də bəyan etmişdi ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfər saxlanılıb.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı olaraq inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-yə yaxın üzvü uzunmüddətli həbs həyatı yaşayır. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bəyan edir.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var.

Səlahiyyətli şəxslər və rəsmi qurumlar isə, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması barədə iddiaları əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.