Cəbhəçinin atası polisə aparıldığını deyir

Elnur Fərəcov

Keçmiş siyasi məhbus kimi tanınan, 2019-cu ildə vəfat edən Elnur Fərəcovun atası Hüseyn Fərəcov polisə aparıldığını bildirir.

Onun sözlərinə görə, avqustun 15-də saat 15 radələrində Neftçala rayonunda yaşadığı evinə polis əməkdaşları gələrək onu şöbəyə dəvət ediblər:

"Mən imtina etdim, rəsmi bildirişin göndərilməsini istədim. Getməyəcəyimi başa düşüb, məni oturduğum yerdən maşına qədər sürüyə-sürüyə apardılar. Nə yaxınlarıma xəbər verməyə, nə də evin qapısını bağlamağa icazə verdilər".

Fərəcov bildirib ki, onu Neftçala Rayon Polis Şöbəsinə gətiriblər:

"Orada mənə dedilər ki, ora gətirilməyimin səbəbi Facebook-da yazdıqlarımdır".

Detallara varmayan Hüseyn Fərəcovun sözlərinə görə, 2 saat çəkən söhbətdən sonra ona izahat yazdıraraq sərbəst buraxıblar:

"Şöbədə isə mənə hər hansı təzyiq olmadı".

Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Amma bu qurumdan buna qədər sosial şəbəkələrdə tənqidi statuslara görə, insanlara basqı göstərmələri ilə bağlı bildirilənləri təkzib ediblər.

Buna da bax: 'Polis vəfat etmiş cəbhəçi ilə bağlı tədbirə imkan vermir'

Xatırlatma

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Fərəcov 2017-ci il mayın 5-də Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması, hazırlanması) maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib.

Onun mənsub olduğu AXCP ittihamı rədd edərək, bunu siyasi iş kimi, təqsirləndirilən şəxsin müxalif fəaliyyəti ilə əlaqələndirib.

Ancaq rəsmilər hesab edirlər ki, Azərbaycanda heç kim dinc siyasi fəaliyyətinə görə, təzyiq və həbslərlə üzləşmir.

Onun səhhəti həbsxanada pisləşib və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılan 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb.

4 ay «tubzon»da saxlanılan Elnur Fərəcov daha sonra da Penitensiar Xidmətin müalicə mərkəzinə gətirilib.

Həbsdə onun boğazında şiş olduğu müəyyən edilib. Fərəcov 2018-ci ilin ilin mayında prezidentin verdiyi əfv sərəncamı ilə azadlığa çıxıb.

O, azadlığa çıxdıqdan bir neçə ay sonra-avqustun 9-da xərçəng xəstəliyindən vəfat edib.