AXCP NTK sədrinin həbs müddəti azaldıldı

Murad Sultan

Bu gün, dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultanın inzibati həbs müddətini 30-dan 25 sutkaya endirib.

Bu barədə AXCP-dən məlumat veriblər.

Partiyadan vurğulanıb ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Murad Sultanın səhhətində problemlər var.

18 dekabr

AXCP: Murad Sultana 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultan 30 sutka inzibati qaydada həbs edilib.

Bu barədə həmin partiyadan məlumat verilib.

AXCP-də onun həbsini onlara qarşı "repressiya siyasətinin bir epizodu" kimi dəyərləndirirlər.

AXCP-nin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

17 dekabr

AXCP NTK sədrini 'gördüm' deyən yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Murad Sultanla dünən, dekabrın 16-sı günortadan əlaqə saxlamaq mümkün olmur.

Bu barədə məlumat yayan həmin partiyadan vurğulandığına görə, "belə hallarda şəxslərin hansısa strukturun əlində olduğu sonradan bəlli olur".

Məlumata Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.