Xalq Cəbhəsi üzvünə 30 sutka həbs verildiyi deyilir

Mircəmil Ağayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad şöbəsinin fəalı Mircəmil Ağayevin 30 sutkalıq inzibati həbs olunduğu bildirilir. Noyabrın 4-də AXCP-nin yaydığı bu məlumatda hadisənin detalları açıqlanmır.

Partiyadan bildirilib ki, fəal bir gün əvvəl — noyabrın 3-də AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində iştirak etmək üçün Bakıya gəlibmiş. Əlavə edildiyinə görə, elə həmin gün Sabirabada qayıdan M.Ağayevi evinin qarşısında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar. Partiya fəalın şərləndiyini iddia edir. Rəsmi qurumlardan isə hələlik bu məsələyə hər hansı münasibət almaq mümkün olmayıb.

Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı olaraq inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20 civarında üzvü, eləcə də təşkilatın sədri Əli Kərimli uzun müddətdir ki, həbsdədir. Onlara qarşı müxtəlif ittihamlar irəli sürülsə də, AXCP bu həbslərin siyasi sifariş olduğunu bəyan edir.

Ə.Kərimli və M.İbrahim Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. Bu maddə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hər iki siyasətçi ittihamları əsassız və siyasi motivli sayır.

Hüquq müdafiəçilərinin son hesabatlarına görə, Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi baxışlarına görə həbslərin olması barədə iddiaları rədd edir və həmin şəxslərin törətdikləri konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bildirirlər.