Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvlərindən daha birinə – partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləmiş Kənan Zeynalova (Basqal) 10 il həbs cəzası istənilib. İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Babaxan Həsənəliyev bu təkliflə çıxış edib.
Prokuror AXCP fəalına qarşı irəli sürülən ittihamların – onun Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməsi faktının məhkəmə istintaqı zamanı sübuta yetirildiyini iddia edib.
K.Basqalın vəkili Nazim Musayev isə ümumiyyətlə məhkəmə istintaqının yekunlaşdırılmasına qarşı çıxıb. Prosesin gedişatına etiraz edən müdafiəçi vurğulayıb ki, araşdırma zamanı həqiqətin üzə çıxması üçün irəli sürdükləri vəsatətlərin heç biri təmin olunmayıb.
"Rəyi oxuyanda adama elə gəlir ki, onu səliqəli şəkildə bıçaqlayıblar"
İyulun 23-də keçirilən məhkəmə iclasında da vəkil bir sıra vəsatətlər qaldırıb. Müdafiəçi K.Basqalı saxlayan üç polisin və bu cinayət işi üzrə hal şahidi qismində tanınan şəxslərin məhkəmədə dindirilməsini istəyib. Bu vəsatət təmin olunmayıb.
N.Musayev deyir ki, ekspert rəyində bıçaqlandığı iddia edilən A.Rəhimovun köynəyinin üzərində yanaşı üç deşik olduğu göstərilib: "Bu rəyi oxuyanda adama elə gəlir ki, onu səliqəli şəkildə bıçaqlayıblar. Köynək də maddi sübutdur və müdafiə tərəfi olaraq, ona baxmaq hüququmuz var. Xahiş edirik, gətirin, ona baxış keçirək, görək, yazılanlar nə dərəcədə həqiqətdir".
Hakimlər kollegiyası bu vəsatəti də təmin etməyib. Məhkəmə prosesinə sədrlik edən hakim Mahirə Kərimova iddia edib ki, yetərincə araşdırma aparılıb.
Nazim Musayev
"Ekspertiza rəyində yazıblar ki, hadisə yerindən bıçaq götürülüb. Konkret haradan? Daşın üstündən? Otun üstündən? Belə rəy olar?! O rəyi yazan ekspert dindirilməlidir", - bunu da vəkil deyib.
AXCP funksioneri üzərində bıçaq olmadığını və heç kimə xəsarət yetirmədiyini bildirir. O deyir ki, axşam saatlarında məscidə gedərkən tanımadığı bir nəfər ona hücum edib. Qısa müddət onunla mübahisə edib, ardından yerə yıxılaraq qışqırmağa başlayıb və dərhal da polis gəlib.
Rəyi verən ekspertin dindirilməsi barədə vəsatət də rədd edilib.
"Hər dəfə etiraz edirik, amma nəticəsi olmur"
Vəkil N.Musayevin daha bir etirazı isə zərərçəkmiş qismində tanınan A.Rəhimovun məhkəməyə gəlməməsi ilə bağlı olub. Hər dəfə hakim zərərçəkmiş şəxsin iştirakı olmadan prosesin davam etdirilməsinə dair tərəflərin rəyini soruşur. Vəkil buna qarşı çıxsa da, məhkəmə prosesi davam etdirilir: "Biz hər dəfə etiraz edirik, amma nəticəsi olmur. O zaman niyə soruşursunuz?".
Hakim M.Kərimova bu dəfə məhkəmə istintaqının yekunlaşdırılması məsələsini müzakirəyə çıxararkən vəkil deyib ki, bu şəkildə məhkəmə istintaqı bitə bilməz: "Digər tərəfdən, onsuz da vəsatətlərimizin heç birini təmin etmirsiniz...".
Məhkəmə istintaqı tamamlanandan sonra prokuror çıxış edərək AXCP fəalına 10 il həbs cəzası verilməsini istəyib.
Bir həftə sonra keçiriləcək növbəti məhkəmə iclasında vəkil müdafiə nitqi ilə çıxış edəcək, ardından Kənan Basqal özü son sözünü deyəcək və hökm oxunacaq.
Xatırlatma
AXCP sədri də daxil olmaqla, bu müxalif partiyanın hazırda 15-dən çox təmsilçisi barəsində həbs-qətimkan tədbiri seçilib. Partiya rəhbərliyi onların hamısının siyasi sifarişlə həbs olunduğunu bəyan edib. Həbsdəki cəbhəçilərin bir neçəsi Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi və sürücüsü işləyib.
Partiya sədri Əli Kərimli mühafizəçisinin həbsini "qeyri-adi şərləmə" adlandırıb: "Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır".
Hüquq müdafiəsi təşkilatlarının tərtib etdiyi siyahıya əsasən, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların mövcudluğu barədə iddialarla razılaşmır, adları sözügedən siyahıda yer alan şəxslərin məhz törətdikləri cinayət əməllərinə görə mühakimə olunduqlarını vurğulayırlar.