Həbsdəki Xalq Cəbhəsi fəalına dərmanların çatdırılmadığı deyilir

Vüqar Qədirli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin hazırda həbsdə olan fəalı, ikinci qrup əlil Vüqar Qədirlinin ona lazım olan dərmanların verilməməsi səbəbindən aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə mayın 5-də onun mənsub olduğu AXCP-dən məlumat yayılıb. Məlumatda vurğulanır ki, o, Lənkəran Penitensiar Kompleksində saxlanılır. "Vüqar Qədirli Qarabağ müharibəsində başından ciddi xəsarət alıb. Başında hələ də çıxarılmayan qəlpələr var. Bu da ona dözülməz ağrılar verir. Artıq iki aya yaxındır ki, Lənkəran Penitensiar Kompleksi Vüqar Qədirlinin evindən gətirilən dərmanları qəbul etmir. Bu barədə Vüqar Qədirlinin ailəsi Ombudsman Aparatına məlumat versə də, heç bir nəticə yoxdur. Dərmanların verilməməsi Vüqar Qədirliyə həyatı təhlükəsi yaradır", –partiyadan iddia edilib.

Lakin aksiyaya nə vaxt başlanıldığı açıqlanmayıb.

Bu məlumata münasibət almaq üçün Penitensiar Xidmət və Ombudsman Aparatına müraciət edilsə də, cavab alına bilməyib.

V.Qədirlinin yaxınları martın sonunda da oxşar şikayəti ictimaiyyətə açıqlamışdılar.

V.Qədirli ötən il dekabrın 12-də İmişli rayonunda saxlanılıb. Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qəbul etmir.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var.