Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Binəqədi rayon şöbəsinin üzvü Teymur Salahov və Yevlax rayon şöbəsinin üzvü Şamil Cəfərovun son həftələr inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Partiyadan deyildiyinə görə, T.Salahov yanvarın 17-də Göyçay rayon polis şöbəsinə çağırılıb. Açıqlamaya görə, bölməyə gedən fəal sosial şəbəkədə yazdığı rəylə bağlı saxlanılaraq 10 sutka inzibati həbs edilib.
AXCP-dən əlavə edilib ki, Ş.Cəfərov isə eyni səbəblə yanvarın 19-da evindən aparılıb. Ona isə 15 sutka verildiyi bildirilir.
Hər iki şəxsin konkret olaraq İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə təqsirləndiyi açıqlanmayıb. Məsələni Daxili İşlər Nazirliyi və məhkəmələrdən dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
AXCP-nin hazırda 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.