Xalq Cəbhəsi üzvünün 4 gün sonra təcridxanada olduğu deyilir

Polis

AXCP Nərimanov rayon şöbəsinin noyabrın 6-dan haqqında hər hansı məlumat olmayan üzvü Vəlisan Həsənovun Daxili İşlər Nazirliyinin (DİN) Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlandığı bildirilir.

Bu barədə noyabrın 10-da AXCP-dən məlumat yayıblar. Partiyadan vurğulandığına görə, V.Həsənovun orada olduğunu polis etiraf edib: "Yaxınlarının onun üçün apardıqlarından yalnız bir neçə şey qəbul olunub. Vəlişan Həsənovun neçə sutkalığa həbsə salındığı haqqında polis məlumat verməkdən imtina edib".

Onun konkret nədə günahlandırıldığı da açıqlanmır.

AXCP-nin bu məlumatını DİN-dən dəqiqləşdirmək mümkün olmayıb.

7 noyabr

AXCP: Nizami rayon şöbəsinin sədr müavini 30 sutka alıb

Dünən, noyabrın 6-dan haqlarında hər hansı məlumat əldə edilmədiyi açıqlanan iki AXCP üzvündən birinin taleyinin bəlli olduğu bildirilir.

AXCP-dən verilən məlumata görə, Nizami rayon şöbəsinin sədr müavini Fərid Quliyevin 30 sutka müddətinə inzibati qaydada həbs edildiyi bəlli olub.

Amma onun nədə günahlandırıldığı açıqlanmayıb.

Bu məlumata Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP-nin iki üzvündən xəbər yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) Nərimanov rayon şöbəsinin üzvü Vəlisan Həsənov və Nizami rayon şöbəsinin təşkilati işlər üzrə sədr müavini Fərid Quliyevlə əlaqə saxlamağın mümkün olmadığı bildirilir.

AXCP-dən onların saxlandığı ehtimal edilir. Hər iki şəxs son vaxtlar şəxsi avtomobilləri ilə AXCP sədrini tədbirlərə aparırmışlar.

AXCP-dən vurğulandığına görə, Əli Kərimliyə şəxsi avtomobilləri ilə ictimai əsaslarla sürücülük edən şəxslərdən biri cinayət məsuliyyətinə cəlb edildiyindən, digərinin isə maşınına həbs qoyulduğundan onu bəzi fəallar tədbirlərə aparıb-gətirməyi könüllü öz öhdələrinə götürüblər.

Ə.Kərimli də bir müddət öncə demişdi ki, ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən 10 civarında şəxs bu il əsassız yerə həbs edilib.

Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 390-dan çox siyasi məhbus var.