Elnur Həsənovun aclıq aksiyasını dayandırdığı deyilir

Elnur Həsənov

Həbsdə olan AXCP üzvü Elnur Həsənovun aclıq aksiyasını dayandırdığı bildirilir.

Bu barədə partiyadan məlumat verilib.

Bildirildiyinə görə, E.Həsənov tələbi yerinə yetirildiyi və partiya rəhbərliyinin xahişlərini nəzərə alaraq aclığı dayandırmağa qərar verib.

Bu məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Yaxınları narahatdır

Yaxınları həbsdə aprelin 18-dən aclıq aksiyası keçirdiyi bildirilən AXCP üzvü Elnur Həsənovun səhhətindən narahatdırlar.

Ailə üzvlərinin sözlərinə görə, E.Həsənov dünən, aprelin 24-də onlara zəng vurub: "Heç bir dəqiqə belə danışa bilmədi. Səsi çox zəif gəlirdi, təzyiqi düşmüşdü. Bu gün isə, ümumiyyətlə, zəng vurmayıb. Ondan çox narahatıq".

Elnur Həsənovun həbsdə aclıq aksiyası keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun artıq altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyiblər ki, aprelin 23-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarov onunla görüşərək bir saatdan artıq müddətə söhbət edib, bütün problemlərini dinləyib, qeydlər götürüb və məsələni aidiyyəti orqanlara çatdıracağını söyləyib.

AXCP-dən verilən məlumata görə, E.Həsənov istintaq təcridxanasının tibb-sanitar hissəsində saxlanılır: "Bu gün müayinə zamanı məlum olub ki, onun arterial təzyiqi 80/60-a düşüb".

Buna da bax: AXCP tərəfdarına 3 aylıq həbs verilib

Həsənovun aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə etiraz olaraq aclıq aksiyasına başladığı deyilir.

O, 2023-cü il noyabrın 28-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (234.4.3) ilə həbs edilib. Fəalın sözlərinə görə, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

E.Həsənov bundan əvvəl də inzibati qaydada həbs edilib. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı. AXCP üzvü onda da ittihamı qurama sayırdı.

AXCP-nin hazırda 10-dan çox fəalı həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.