Orxan Baxışlı 30 sutka həbs edilib

Orxan Baxışlı

AXCP Gənclər Komitəsinin fəalı Orxan Baxışlı bu gün, fevralın 3-də Xətai rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Ona İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

AXCP-nin bir üzvünün saxlandığı, daha birinin isə yerinin bilinmədiyi deyilir

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir üzvünün saxlandığı, başqa birinin isə yerinin bilinmədiyi deyilir.

Bu barədə AXCP-dən məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, Quba rayon şöbəsinin fəalı Elmar Fərzəliyevi dünən, fevralın 2-də polis saxlayıb. "Elmar Fərzəliyevin narkotiklə şərlənməsi haqqında xəbər var", - partiyadan qeyd edilib.

Məlumatı Daxili İşlər Nazirliyi və başqa cavabdeh rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Partiyadan əlavə edildiyinə görə, fevralın 2-də səhər bir tanışı ilə görüşmək məqsədilə evdən çıxan Gənclər Komitəsi fəalı, keçmiş məhbus Orxan Baxışlıdan isə bir gündür heç bir xəbər almaq mümkün olmayıb. "Ailəsi müvafiq qurumlara müraciət etsə də, hələ heç bir cavab ala bilməyiblər…", - partiyadan vurğulanıb.

Bu məlumata da rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.

O.Baxışlı bundan əvvəl də həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilib. O, 2018-ci ilin mayında həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. O.Baxışlı onda 6 il azadlıqdan məhrum edilmişdi. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə qədər azaltdı.

O.Baxışlı 2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. O, onda ittihamı qəbul etməmişdi və bunu siyasi saymışdı.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın bir neçə üzvü sutkalıq, 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.