AXCP Gənclər Komitəsinin sədri Emil Səlimə fevralın 13-də 20 sutka inzibati həbs verildiyi bildirilir.
Partiyanın vurğuladığına görə, qərar Yasamal rayon Məhkəməsində çıxarılıb. Amma detalları açıqlanmayıb. Partiya qərarı əsassız sayır.
Bu açıqlamanı məhkəmədən dəqiqləşdirmək, ona başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
+++
Fevralın 13-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim saxlanıb. Bu barədə AXCP-dən bildirilib.
Bundan öncə həmin partiyadan onun təqib edildiyi ilə bağlı iddialar yayılmışdı.
Bu məlumatlara Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı da uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.