Aprelin 18-də inzibati həbsini başa vurduqdan sonra Bakıda İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinin yanında saxlanaraq Tovuz rayonuna aparılan AXCP üzvü Elxan Əliyev hakim önünə çıxarılıb.
Bu barədə AzadlıqRadiosuna E.Əliyevin özü məlumat verib. Onun sözlərinə görə, hakim Nofəl Mustafayevin sədrliyi ilə aprelin 19-da keçirilən prosesdə ondan ərizə alınıb və o, sərbəst buraxılıb.
E.Əliyevin bildirdiyinə görə, 2019-cu ildə bir sement şirkətinin şikayəti ilə bağlı məhkəmə onun üzərinə 8 min 50 manat borc öhdəliyi qoyub: "Tovuz rayon Məhkəməsi bu inzibati iş üzrə mənim üzərimə 8 min 50 manat borc öhdəliyi qoyub. Mən həmin borcun 5 min 800 manatını ödəmişəm".
Cəbhəçinin deməsinə görə, ödəniş rəsmiləşdirilməyib və sonra da zərərçəkən şəxs ölüb: "Zərərçəkən vəfat etdiyinə görə inzibati icraata xitam verilməli idi. Buna baxmayaraq, məhkəmə işə xitam verməyib. Öhdəliyim və axtarışa verilməyim ilə bağlı da mənə hər hansı xəbərdarlıq edilməyib".
E.Əliyevin bu dediklərinə, hələlik, Tovuz rayon Məhkəməsi və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Həbsdən çıxan kimi saxlanıb
Aprelin 18-də AXCP üzvü Elxan Əliyev İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılandan sonra yenidən tutulub. Bu barədə partiya sədrinin müşaviri Məmməd İbrahim məlumat verib. Onun sözlərinə görə, Məntəqənin yanında E.Əliyevə iki mülkigeyimli şəxs yaxınlaşaraq axtarışda olduğunu bildiriblər: "Tovuz rayonundan gələn polis əməkdaşları idi. Elxan bəyə dedilər ki, o, hansısa mülki işə görə axtarışdadır və onlarla birlikdə Tovuza getməlidir. Amma hansı iş olduğunu demədilər".
Partiyadan qeyd olunub ki, bu saxlanılma E.Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır: "Mart ayında həbs edəndə niyə demədilər ki, barəsində axtarış var? Deməli, məsələ onun fəaliyyəti ilə bağlıdır".
Bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
E.Əliyev martın 19-da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunub. AXCP-dən onun həbsinin səbəbi tənqidi yazıları ilə izah edilirdi. Daxili İşlər Nazirliyi konkret bu iddiaya münasibət bildirməyib. Amma bu qurumdan, bir qayda olaraq, Azərbaycanda insanların tənqidi mövqelərinə görə həbs edilməsi ilə bağlı deyilənləri əsaslı saymırlar.
E.Əliyev saxlanarkən maşınında 2 min 500 manat pul olduğunu və həmin pulun yoxa çıxdığını açıqlamışdı. Amma Daxili İşlər Nazirliyindən polisin onun maşınından pul götürmədiyini bildirmişdilər.