AXCP üzvünün narkotik ittihamı ilə tutulduğu deyilir

Azerbaijan, Azerbaijan Popular Front Party Alikhan Rajabli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəblinin həbs edildiyi bildirilir.

Bu partiyadan verilən məlumata görə, Ə.Rəcəblini yanvarın 7-də Masallı Rayon Polis İdarəsi saxlayıb və məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Onun Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunduğu deyilir. Həmin maddə ilə şəxsə 3 ildən 8 ilədək həbs cəzası verilə bilər.

Vurğulanır ki, siqaret belə çəkməyən, səhhətində ciddi problemlər olan Ə.Rəcəblinin narkotiklə əlaqəsi ola bilməz: "Onun həbsi yalnız sosial şəbəkələrdə apardığı siyasi fəaliyyəti ilə bağlıdır".

AXCP-dən bütün bu bildirilənləri, hələlik, cavabdeh rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 20-yə qədər fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.

Ötən ay, dekabrın 12-də AXCP üzvü Elbəyi Kərimlinin saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsində vəfat etdiyi açıqlanıb. Partiyadan onun şərləndiyinə görə özünə qəsd etdiyi iddia olunsa da, rəsmi qurumlar ölümün səbəbinin araşdırıldığını bildiriblər. O da narkotik ittihamı ilə 5 il həbs cəzası almışdı. AXCP-dən vurğulanmışdı ki, Kərimli 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə şərlənib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsxanada məhkum ölümü – belə hallar araşdırılırmı?