AXCP Səbail rayon şöbəsinin sədri Ceyhun Novruzova 25 sutka inzibati həbs verilib. AXCP-nin məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.
AXCP-dən bildirilir ki, Novruzov piyadaları qanunsuz şəkildə cərimələyən yol polisi əməkdaşlarını dörd gün əvvəl Facebook-da tənqid edərək onlar barəsində ölçü götürülməsinə çağırıb: "Ailəsindən verilən məlumata görə, Ceyhun Novruzov yaxın zamanlarda ürək əməliyyatı keçirib və həkim nəzarətində olub. Onun bölmədə də özünü pis hiss etdiyi və ailə üzvlərinə xəbər göndərərək dərmanlarının təcili şəkildə çatdırılmasını istədiyi bildirilir".
AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl, 2024-cü ilin dekabrında da C.Novruzov İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirləndirilərək 10 sutka həbs cəzası almışdı. O, həmin vaxt ittihamı qəbul etməmişdi.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.