Xalq Cəbhəsi üzvü həbs edilib

Asam Əli və Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Asam Əlinin 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat yayıblar.

Partiyadan qeyd edilib ki, A.Əli ilə dörd gün əvvəldən əlaqələri kəsilib, nəhayət, mayın 8-də onun inzibati qaydada həbs olunduğunu öyrəniblər.

AXCP A.Əlinin nədə ittiham edildiyini və başqa detalları açıqlamayıb. Məsələni, hələlik, rəsmi qurumlardan da dəqiqləşdirmək mümkün olmayıb.

AXCP sədri Əli Kərimli isə vurğulayıb ki, A.Əli sosial şəbəkələrdə bir elə də fəal olmayıb: "Məsələ belədir ki, öz maşını ilə, ictimai əsaslarla mənə sürücülük edən AXCP fəalı Zaur Rzalı həbs edildikdən sonra Asam bəy məni öz maşını ilə bir neçə dəfə müxtəlif tədbirlərə aparmışdı. Bununla da rejimin qara siyahısına düşübmüş. Son iki ayda məni müxtəlif tədbirlərə aparan və ya müşayiət edən altı AXCP fəalı həbs olunub".

Z.Rzalı aprelin 1-də Nərimanov rayon Məhkəməsində 30 sutka həbs edilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddələri ilə təqsirli sayılıb. Partiyadan onun da şərləndiyi bildirilib.

Xatırlatma

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Üstəlik, bir çox fəalları inzibati qaydada həbs edilib. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.