Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Anar Ərkivan 30 sutka inzibati qaydada həbs edilib. Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.
Açıqlamaya görə, A.Ərkivanı yanvarın 30-da saat 12:00 radələrində Bakı şəhərində kirayədə yaşadığı evdən çıxarkən beş-altı nəfər mülkigeyimli şəxs saxlayaraq 13-cü polis bölməsinə aparıblar: "Daha sonra Sabunçu rayon Məhkəməsi onu İnzibatı Xətalar Məcəlləsinin 535.1 (Polis əməkdaşının qanuni tələbinə tabe olmama), 510 (Xırda xuliqanlıq) maddələri ilə ittiham edərək 30 sutka həbs edib".
AXCP bu ittihamları saxta hesab edir, A.Ərkivanın şərlənərək həbs olunduğunu bildirir.
Bu açıqlamaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvləri oxşar ittihamlarla vaxtaşırı inzibati qaydada həbs edilir. Partiyanın hazırda da 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında ümumilikdə 340 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.