Bu ilin 10 ayında Azərbaycanda avtomobil istehsalı azalıb, idxal isə artıb.
Bu barədə Azərbaycan dövlət statistika və gömrük komitələrinin hesabatlarında bildirilir.
2025-сi ilin yanvar-oktyabr aylarında ölkədə 3 min 280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 min 153 ədəd az (-26 faiz) minik avtomobili istehsal olunub. Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13.7 faiz, yük avtomobillərinin istehsalı isə 31.6 faiz azalıb.
Hökumət rəsmiləri hələlik bunu şərh etməyiblər. Ekspertlər isə bunu yerli istehsalın lazımı bazar əldə etməməsi ilə izah ediblər. Üstəlik, onların deməsinə görə, Azərbaycanda avtomobillər istehsal olunmur, bir qayda olaraq, yığılır, çünki lazımı avadanlıqların əksəriyyəti ölkəyə xaricdən gətirilir.
Əvəzində ölkəyə avtomobil idxalında artım var. 10 ay ərzində 1 milyard 606 milyon 638 min dollar dəyərində 86 min 909 ədəd minik avtomobili gətirilib. Bu il Azərbaycana avtomobil idxalı dəyər ifadəsi ilə 308 milyon 671 min dollar (+20.8 faiz), miqdar ifadəsi ilə isə 19 min 860 ədəd (+26.8 faiz) artıb.