Danimarka polisi noyabrın 6-da Kopenhagen hava limanına qarşı təhdidlərlə bağlı təhqiqat apardığını bildirib. Polis sərnişinlər üçün hər hansı təhlükənin olmadığını əlavə edib.
Ötən gün – noyabrın 5-də Avropada onlarla sərnişin reysi saxta bomba xəbərdarlıqları ucbatından təxirə düşüb və ya ləngiyib. Bəzi təyyarələr məcburi eniş etməli olub, digərlərini isə qırıcılar müşayiət edib.
Kopenhagen polisi təhlükəsizliyi təmin etmək üçün hava limanında əlavə qüvvələrin yerləşdirildiyini və hadisənin araşdırıldığını bildirib. Əlavə təfərrüat açıqlanmayıb.
Cümə axşamı gələn bomba təhdidindən sonra Danimarkanın ən böyük hava limanında iki təyyarədə axtarış aparılsa da, hər hansı partlayıcı qurğu tapılmayıb.
Bomba xəbərdarlıqları bu gün də davam edib. İspaniyanın xarici işlər nazirinin sözlərinə görə, Avropa, görünür, "hibrid təcavüzün və psixoloji müharibənin bir forması" ilə üz-üzə qalıb.
Çexiya polisi də Praqa reyslərinə qarşı bomba təhdidlərinin daxil olduğunu bildirib. Hava limanı sözçüsünün dediyinə görə, təhdidlər gələn dörd və gedən beş uçuşu əhatə edib. Amma heç bir partlayıcı tapılmayıb, heç bir reys ləğv olunmayıb və ya marşrutu dəyişdirilməyib.
Çox keçmədən İtaliyanın hava limanı idarəsindəki mənbə Praqadan Romaya uçan "Wizz Air" təyyarəsinin Venesiyaya yönləndirildiyini və orada təhlükəsiz eniş etdiyini bildirib.
Fransa baş nazirinin ofisi isə ölkə üzərindən uçan təyyarələrə qarşı daha dörd yeni bomba təhdidinin daxil olduğunu açıqlayıb. Həmin təyyarələr də təhlükəsiz şəkildə yerə enib.
"CNN Portugal"ın yaydığı məlumata görə, Romadan Lissabona uçan "Ryanair" təyyarəsinə də bomba xəbərdarlığı edilib. Təyyarə yerə endikdən sonra orada təhlükəsizlik əməliyyatı keçirilib.
Bomba təhdidləri noyabrın 5-i axşamadək ümumilikdə 30-a yaxın reysə mənfi təsir göstərib. Bundan əvvəl isə azı yeddi reysə və bir kruiz gəmisinə qarşı da saxta xəbərdarlıqlar edilmişdi.
Təhdidlərin arxasında kimin dayandığı açıqlanmayıb, həmçinin məsuliyyəti üzərinə götürən hər hansı bəyanatın doğruluğu hələlik rəsmən təsdiqini tapmayıb.
Avropada bir çox rəsmi şəxs Rusiyanı 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan bəri təxribat xarakterli hərəkətlərdə və hibrid hücumlarda günahlandırır.
Uçuşların pozulduğu Danimarka, Polşa və Rumıniya əvvəllər bu cür hibrid hücumların arxasında birbaşa Moskvanın dayandığını iddia ediblər. Almaniya avqustda Rusiyanı Leypsiq hava limanına hücum planlaşdırmaqda günahlandırmışdı.
Böyük Britaniya isə ABŞ-nin hərbi hava bazasına qarşı ehtimal edilən hücum planını İranla əlaqələndirib.
Həm Rusiya, həm də İran bu ittihamları rədd edib.