Avropa Şurası Azərbaycanın bəzi qərarları icra etmədiyinə baxıb

AŞPA

Martın 10-da Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) Azərbaycanı jurnalistlərin, hüquq müdafiəçilərin və fəalların məhkumluğunu təxirə salmadan ləğv etməyə çağıran qətnamə qəbul edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, söhbət barələrində Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı olan hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, fəallar Məmməd Əzizov, Şahin Novruzlu, Qiyas İbrahimov, Bayram Məmmədov, hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla və Leyla Yunuslardan gedir.

"Qətnamə Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumunun müzakirə olunduğu toplantıda qəbul edilib", - X.Ağalıyev vurğulayıb.

Hüquqşünas qeyd edib ki, üç gün davam edən görüşdə 20 civarında ölkə ilə bağlı qərarların icra durumu müzakirə olunub: "Anar Məmmədli qrupuna daxil olan qərarların icra durumu da toplantının gündəliyinə daxil idi".

Onun sözlərinə görə, "Məmmədli işi" qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi bəzi qərarların icrasına nəzarət olunur: "Bu qərarlar ərizəçilərin aktiv siyasi, sosial fəaliyyətlərinə görə Konvensiyanın 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. AŞ NK bu qrupun işi ilə bağlı qətnamə qəbul edib".

Xatırlatma

Hələ keçən il sentyabrın 17-də də AŞNK "Məmmədli qrupu"na daxil olan işlərlə bağlı qərarını açıqlamışdı. Həmin qrupda olanlar vaxtı ilə müxtəlif ittihamlarla (vergidən yayınma, iğtişaş salma və başqa ittihamlarla) həbs ediliblər. AİHM onların hüquqlarının pozulduğunu tanıyıb.

Komitə, ReAL Partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov işində olduğu kimi, Ali Məhkəmə vasitəsilə digər şəxslərin üzərindən də məhkumluğun götürülməsi və dekabrda aralıq qətnamə hazırlanmasına dair qərar vermişdi. Bu qərardan bir neçə gün sonra bu qrupda olan bəzi fəallar da eyni qaydada bəraət alsalar da, yuxarıda adı çəkilən şəxslərlə bağlı bu hal təmin edilməyib.