Avropa Şurasının (AŞ) Nazirlər Komitəsi Azərbaycanı jurnalistləri fəaliyyətləri ilə bağlı hücumlar, təhdidlər və təqiblərdən qorumağa çağırıb.
Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasına nəzarət etmək məqsədilə keçirdiyi üç aylıq iclasda Xədicə İsmayıl qrupu üzrə Aralıq Qətnamə də qəbul edib. Bu işlər Azərbaycanın araşdırmaçı jurnalist X.İsmayılın, habelə digər iki ərizəçinin şəxsi həyatının toxunulmazlığı və ifadə azadlığını müdafiə edə bilməməsi ilə bağlıdır.
Bu həftə keçirilən iclasda Nazirlər Komitəsi razılığa gəlib ki, X.İsmayıl ilə bağlı AHİM-in tanıdığı hüquq pozuntularının aradan qaldırılması istiqamətində təcili irəliləyiş lazımdır.
Komitə həmçinin onun fəaliyyətinin təqib və maneəsiz həyata keçirilə bilməsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Xüsusən də hökuməti hücumlarla bağlı insan hüquqlarına uyğun araşdırmaları təmin etməyə səsləyib.
Bundan əlavə, Komitə bildirib ki, Azərbaycan ölkədə qəbul olunmuş media qanununu Avropa Şurasının standartlarına uyğunlaşdırmaq üçün konkret addımlar atmalıdır.
Nazirlər Komitəsi bu məsələlərdə irəliləyiş üçün Azərbaycan hökumətini qətiyyətlə Avropa Şurası ilə təmasa dəvət edib.
Komitə, eyni zamanda, Azərbaycandan 2025-ci il iyunun sonuna qədər yenilənmiş fəaliyyət planını təqdim etməsini istəyib.
Azərbaycan hökuməti, hələlik, bu deyilənlərə münasibət açıqlamayıb.
X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.
Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.
AİHM X.İsmayılın şəxsi həyatın toxunulmazlığı, fikri ifadə etmək azadlığının pozulmasını tanıyıb. Jurnalist məhz araşdırma yazılarına görə təzyiqlərə məruz qaldığını deyirdi.
Xatırlatma
Son bir ildə aralarında "AbzasMedia" nəşri, "ToplumTV" və "MeydanTV" əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.