Avropa Şurası ilə yeni Fəaliyyət Proqramı qəbul ediləcək

Qəbul

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edilib və bu Proqramda bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğu vurğulanıb.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu ölkə quruma üzv olarkən insan hüquqları, demokratik seçkilər və başqa məsələlərlə bağlı bir sıra öhdəliklər götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.

Fəaliyyət Planında nələr var

Avropa Şurasının məlumatına görə, aprelin 5-də Bakıda həmin Fəaliyyət Planını təqdim ediləcək.

Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı fevralın 16-da Avropa Şurası Nazirlər Komitəsində qəbul edilib. Açıqlamaya görə, bu plan Azərbaycan qanunvericiliyinin, onun praktikasının insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində Avropa Şurasının standartlarına uyğunlaşdırılmasını əhatə edir.

Sənəd Avropa Şurasına üzv ölkə kimi Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsi, milli qanunvericiliyi Avropa və beynəlxalq standartlara uyğunlaşdırması üzrə səylərinin dəstəklənməsinə yönəlib.

Azərbaycan üçün Fəaliyyət Planının ümumi büdcəsi 9.6 milyon avrodur.

Bundan öncə Avropa Şurasının 2014-2018-ci illər və 2018-2021-ci illər üçün Azərbaycana dair fəaliyyət planları olub.