Noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev Dublində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.
AZƏRTAC-ın məlumatına görə, görüşdə iki ölkə arasında ticarət-iqtisadi və özəl sektor üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə fikir mübadiləsi aparılıb.
Məlumata əsasən, "Volodimir Zelenski Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə də elektrik avadanlıqlarının təchizatındakı dəstəyə görə Azərbaycana təşəkkür edib".
Görüşdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi, Azərbaycanın bu sahədəki təcrübəsinin Ukrayna üçün də faydalı olacağı vurğulanıb.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Bundan səkkiz il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini – Krımı ilhaq etmiş və elə o vaxtdan sanksiyalarla üzləşmişdi. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Azərbaycan Ermənistanla münaqişə nəticəsində ərazilərinin 20 faizinə 30 ilə yaxın nəzarəti itirmişdi. Lakin 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki lokal hərbi əməliyyatlarla buna tam son qoyub. Ötən il tərəflər ABŞ-nin vasitəçiliyi ilə bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişini paraflayıblar. Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparır.
Dublində Avropa Siyasi Birliyinin sammiti başlayır
Noyabrın 12–13-də İrlandiya paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu sammiti keçiriləcək.
Azərbaycan da Avropa liderlərinin bu toplantısına dəvət olunub.
Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü onun sammitdə iştirak edəcəyini açıqlayıb.
Sammitə Avropa Şurasının prezidenti Antoniu Koşta və İrlandiyanın baş naziri Maykl Martin həmsədrlik edəcəklər. İştirakçılar Avropanın rəqabət qabiliyyəti, təhlükəsizliyi və müdafiəsi məsələlərini müzakirə edəcəklər.
Avropa Siyasi Birliyinin bundan əvvəlki toplantısı bu ilin mayında Yerevanda keçirilib. Ukrayna prezidenti Volodimir Zelenskinin həmin sammitdə iştirakı Moskvanı qəzəbləndirmişdi.
Azərbaycan prezidenti İlham Əliyev həmin tədbirə videomüraciət göndərmişdi.
Paşinyan isə 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə qatılacağına ümid etdiyini bildirib.
Avropa Siyasi Birliyi 2022-ci ildə, Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonra Avropada təhlükəsizlik və sabitliyi möhkəmləndirmək məqsədilə təsis edilib. Sammitlər ildə iki dəfə keçirilir.