Avropa Parlamenti Türkiyə ilə üzvlük danışıqlarını dayandırmağa səs verdi

Avropa Parlamentinin binası

Avropa Parlamentinin deputatları Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasına səs verdi.

Şərhçilər bu səsverməni ölkə daxilində müxalif qüvvələri boğan Ankaraya bir siqnal hesab edirlər.

Söhbət 15 iyul qiyam cəhdindən sonra ölkədə gedən kütləvi həbslər və təqiblərdən gedir.

Noyabrın 24-də qəbul edilən tövsiyyə xarakterli qətnamə Türkiyə ilə üzvlük danışıqlarını müvəqqəti dondurmağa çağırır.

Qətnamə layihəsini Avropa Parlamentindəki ən iri fraksiyalar təklif edib.

Türkiyə prezidenti Racep Tayyip Erdoğansa səsvermədən bir gün əvvəl Avropa Birliyi ölkələrini üzvlük danışıqları ilə bağlı öhtəliklərini yerinə yetirməməkda günahlandırıb.

Erdogan bildirib ki, nəticəsindən aslı olmayaraq bu səsvermənin onlar üçün heç bir əhəmiyyəti olmayacaq.

Qeyd edək ki, Türkiyə hakimiyyəti 15 iyul qiyam cəhdindən sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib və bundan sonra müxalifət qrupları, jurnalistlər və vətəndaş cəmiyyəti üzvlərinə qarşı kütləvi repressiyalar başlayıb.