'Avropa Oyunları Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirilib'

İlham Əliyev ailəsi ilə İdman Sarayında

“Birinci Avropa Oyunları hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirilib. Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın gələcək inkişafında gözəl bir investisiyadır”

AZƏRTAC-ın xəbərinə görə, noyabrın 23-də prezident İlham Əliyevin qəbul etdiyi Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç belə deyib.

Qonaq 2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçiriləcəyini, bu qərarın önəmli olduğunu qeyd edib.

Buna da bax:​ MOK: 'Avropa Oyunları Festivalı az məbləğə başa gələcək'

İ.Əliyev Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini, bütün idman tədbirlərinin yüksək səviyyədə təşkilindən ötrü böyük səylər göstərdiyini vurğulayıb. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə, dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlət başçısı bunun böyük uğur olduğunu qeyd edib.

Ölkə başçısı qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə edib.

Ölkə başçısı noyabrın 23-də Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu da qəbul edib.

Buna da bax:​ Voleybol çempionatı Yaqub Eyyubova tapşırıldı

Qonaqlar Beynəlxalq Kanoe Federasiyasının Konqresinin Azərbaycanda keçirilməsinin önəmindən, tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağından danışıblar.

İ.Əliyev isə Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olmasından da bəhs edib.

Beynəlxalq Kanoe Federasiyasının Konqresi noyabrın 25-də başlayıb, bir gün sonra başa çatacaq.