Azərbaycan jurnalistlərə görə təzminat ödəyəcək

Sizin brauzer HTML5-i dəstəkləmir

Deputatdan təklif: Avropa məhkəməsinin cəriməsini hakimlər özü ödəsin

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib. Hüquqşünas Xalid Ağalıyev bildirir ki, məhkəmə şikayətlərdə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb.

X.Agalıyev AzadlıqRadiosuna deyib ki, jurnalistlər Elnur Məmmədovİdrak Abbasovun Azərbaycana qarşı şikayətləri ilə bağlı AİHM bu qərarında ərizəçilərin iddialarının çoxunu – azadlıq və toxunulmazlıq (5), ifadə azadlığı (10 ) hüquqlarının pozulduğunu tanıyıb: "E.Məmmədova münasibətdə Konvensiyanın 5 və 10-cu, İ.Abbasova münasibətdə 10-cu maddələrinin pozulması. Qərara əsasən, hökumət E.Məmmədova 6000, İdrak Abbasova isə 4500 avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Xərc və məsrəflərə görə ərizəçilərin hər birinə 1000 avro ödənilməlidir".

X.Agalıyev xatırladır ki, bu məhkəmə işi 2009-cu ildə baş vermiş olaylarla bağlı idi. Onun deməsinə görə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olan ərizəçilər "Milli Yol" qəzetinin ofisində həyata keçirilən polis əməliyyatından bilgi toplamağa yollanmışdılar. Ərizəçilər çəkiliş apararkən mülkigeyimli şəxslərin müdaxiləsi ilə üzləşdiklərini, avadanlıqlarının zorla əllərindən alındıqlarını bildirmişdilər.

Hüquqşünas deyir ki, AİHM-a göndərilən şikayətlərin sayına görə Azərbaycan dünya ölkələri arasında ilk beşlikdə yerini saxlayır: "Baxmayaraq ki, Azərbaycanda məhkəmə islahatlarından çox danışılır, ölkədən AİHM-ə göndərilən 1500-2000 ərizə baxılmasını gözləyir. Azərbaycandan oraya gələn şikayətlərin sayı azalmır".

Eyni zamanda, Azərbaycan gələn şikayətlərdən təmin edilməyənlər də var.

Hələlik, qeyd edilən qərar və açıqlamaya Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, son illər ölkədə məhkəmə-hüquq islahatları aparılır.