Sentyabrın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsavat Partiyasının üzvü Yadigar Sadıqlının şikayəti üzrə qərar açıqlayıb. Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat verib. Onun sözlərinə görə, AİHM məhkəməyə qədər həbsin qanunsuzluğundan şikayətlənilən bu işdə iddia olunan pozuntunu tanıyıb: "Hökumət ərizəçiyə 3 min 500 avro təzminat ödəməlidir".
Qərara, hələlik, Məhkəmə-Hüquq Şurası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Y.Sadıqlı 2013-cü ilin iyununda həbs olunub. Qarabağ veteranı Rəşid Kərimovu döyməkdə günahlandırılıb.
2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müsavatçı siyasi fəaliyyətinə görə həbs olunduğunu açıqlamışdı.
Beynəlxalq İnsan haqları təşkilatı "Amnesty International" onu "vicdan məhbusu" kimi tanıyıb.
Y.Sadıqlı 2016-cı il martın 17-də Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
Rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər.