Hökumət Xədicə İsmayılın şikayəti üzrə daha 16 min avro kompensasiya ödəməlidir

Xədicə İsmayıl

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı-jurnalist Xədicə İsmayılın Azərbaycanla bağlı şikayəti üzrə qərar qəbul edib. Qərar yanvarın 27-də yazılı şəkildə elan olunub. Məhkəmə işi iki ərizə üzrə birləşdirərək araşdırıb.

Vəkil Fariz Namazlı bildirir ki, söhbət onun məhkum olunması və sonradan qanunvericiliyə olan dəyişikliyə görə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı verilən şikayətlərdən gedir: "Ərizəçi barəsində ittiham hökmü çıxarıldıqdan sonra 2016-cı il mayın 6-da Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə dəyişiklik edilib və maddədə "dövlət qeydiyyatı" sözlərindən sonra mötərizədə "vergi uçotu" sözləri əlavə edilib. Ərizəçi Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciətində göstərib ki, bu dəyişiklikdən sonra məhkum olunduğu əməllər artıq həmin maddə üzrə cinayət tərkibi təşkil etmir".

Ərizəçi iddia edib ki, dəyişiklik qanunsuz sahibkarlıq cinayətinin tərifində "dövlət qeydiyyatı" anlayışının mənasını dəqiqləşdirərək onu yalnız vergi uçotu ilə məhdudlaşdırıb və o, vergi ödəyicisi kimi lazımi qaydada qeydiyyatdan keçdiyindən dövlət qeydiyyatı olmadan sahibkarlıq fəaliyyəti ilə bağlı məsuliyyətə cəlb oluna bilməzdi: "Buna görə də, ərizəçinin qanunsuz sahibkarlıq cinayətinə görə məhkum edilməsi ilə bağlı Konvensiyanın 7-ci (Qanunsuz cəzalandırılmamaq) maddəsinin pozuntusu baş verib.”

Vəkilin əlavə etməsinə görə, məhkəmə qərara gəlib ki, ərizəçinin ədalətli məhkəmə araşdırması və digər hüquqları da pozulub.

Məhkəmə mənəvi zərərin əvəzi olaraq 12 min avro, məhkəmə xərclərinə görə 4 min avro kompensasiya müəyyən edib.

Qərara Azərbaycanın cavabdeh rəsmi qurumlarının münasibəti bəlli deyil.

Xatırlatma

Jurnalist Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

X.İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs olunduğunu bildirirdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bundan əvvəl də X.İsmayıl ilə bağlı bir neçə qərar qəbul edib. Onun hüquqlarının pozulduğunu tanıyıb, kompensasiyalar müəyyən edib.