Azərbaycan hökuməti Fuad Əhmədliyə kompensasiya ödəməlidir 

Sizin brauzer HTML5-i dəstəkləmir

'Həbsxanada hər şey pulladı' - AXCP fəalı Fuad Əhmədli azadlıqda

Oktyabrın 8-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ictimai fəal Fuad Əhmədlinin şikayəti üzrə Azərbaycanla bağlı qərarını açıqlayıb.

F.Əhmədli 2016-cı ildə barəsində seçilmiş həbs-qətimkan tədbirini qanunsuz sayır. Ərizəçi qeyd edib ki, yerli məhkəmələr onun həbsdə saxlanılmasının zəruriliyini əsaslandıra bilməyib. AİHM oxşar işlərə istinad edərək, Avropa Konvensiyanın 5.3-cü (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsinin pozulduğu qənaətinə gəlib.

Ərizəçi həmçinin dövlət orqanlarının 2016-cı ildə verdiyi bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunun tanınmasını xahiş edib. Hökumət ərizəçinin ölkədaxili müdafiə vasitələrini tam tükəndirmədiyini əsas gətirərək, şikayətin qəbulolunmaz elan edilməsini istəyib. AİHM isə oxşar qərarlarına əsaslanaraq bildirib ki, dövlət rəsmilərinin bəyanatları ilə təqsirsizlik prezumpsiyasının pozulmasına qarşı ölkə daxilində effektiv şikayət mexanizmi yoxdur. Buna görə də məhkəmə Konvensiyanın 6.2-ci (təqsirsizlik prezumpsiyası) maddəsinin də pozulduğunu qəbul edib. Həmin maddəyə görə, cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs təqsiri qanunla sübuta yetirilməyənə qədər təqsirsiz hesab olunur.

Məhkəmənin qərarı ilə ərizəçiyə mənəvi zərərə görə 3 min 900 avro, məhkəmə məsrəflərinə görə isə 500 avro kompensasiya müəyyən edib.

AİHM-ın bu qərarına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həbsin tarixçəsi

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. İttihama görə, o, operator işlədiyi "Azerfon" şirkətində texniki imkanlardan istifadə edərək bir sıra müştərilərin fərdi məlumatlarını kənar şəxslərə ötürüb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib. Yuxarı məhkəmə instansiyaları da bu hökmü qüvvədə saxlayıb. F.Əhmədli ittihamları rədd edərək siyasi sifarişlə həbs olunduğunu bildirib. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

F.Əhmədli 4 illik cəza müddətini tam başa vurduqdan sonra, 2020-ci il avqustun 18-də 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb.

Xatırlatma

Son illər Azərbaycanda AİHM-in kompensasiya qərarlarının icra olunmaması ilə bağlı tez-tez şikayətlər səslənir. Prezident İlham Əliyev ötən il deyirdi ki, Azərbaycan AİHM hakimlərinin seçilməsində iştirak etmədiyindən bu məhkəmənin qərarları ölkə üçün hər hansı bir hüquqi qüvvəyə malik deyil: "Bu, bizim qəti mövqeyimizdir".

Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2024-cü il yanvarın 24-də Azərbaycanın üzvlüklə bağlı öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək ölkə nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib. Buna səbəb kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi göstərilib. Cavab addımı olaraq rəsmi Bakı bu qərarın lehinə səs verən AŞPA deputatlarının ölkəyə gəlişinə qadağa (stop) qoyub. O vaxtdan bəri Azərbaycan Assambleyanın sessiyalarına nümayəndə heyəti göndərmir.