Oktyabrın 14-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı yeni qərarını açıqlayıb. Bu qərarla hökumət 25 min avroya yaxın təzminat ödəməlidir.
Bu barədə AzadlıqRadiosuna danışan hüquqşünas Xalid Ağalıyevin sözlərinə görə, bu işdə birinci ərizəçi Demokratiya və İnsan Haqları Resurs Mərkəzi, digəri isə təşkilatın rəhbəri Əsabəli Mustafayev idi: "İş 2014-cü ildə maliyyə pozuntuları əsası ilə qeyri-hökumət təşkilatlarına (QHT) açılan cinayət işinin araşdırması çərçivəsində məhkəmə qərarlarından verilmiş şikayətlərlə bağlı idi. Hər iki ərizəçi bank hesablarının dondurulması kontekstində mülkiyyət və səmərəli müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilədən şikayət etmişdi. Ölkədən çıxışı məhdudlaşdırılan Ə.Mustafayev həm də hərəkət azadlığı hüququna müdaxilədən şikayətçi olmuşdu".
AİHM hesab edib ki, ərizəçilərə münasibətdə mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüquqları pozulub. "AİHM həmçinin qərar verdi ki, hərəkət azadlığı və mülkiyyət hüququ ilə birgə götürülməklə, ərizəçilərin Konvensiyanın 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təminat altına alınan hüquqları da pozulub", - X.Ağalıyev deyib.
3 ay ərzində hökumət qərardan şikayət verə bilər. Qərar qəti olduqdan sonra o, mənəvi zərərə görə birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə isə 15 min avro təzminat ödəməlidir. Xərc və məsrəflərə görə də 1900 avro təzminat nəzərdə tutulur.
Hələlik, qərara Azərbaycan Məhkəmə Hüquq Şurası və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.