AİHM Elgiz Qəhrəmanın hüquqlarının pozulduğunu tanıdı və...

Elgiz Qəhrəman

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, yanvarın 13-də ictimai fəal Elgiz Qəhrəmanın işləri ilə bağlı qərarını açıqlayıb.

İşləri vəkillərdən Fariz NamazlıNemət Kərimli birgə aparıblar.

F.Namazlı bildirir ki, məhkəmə E.Qəhrəmanın ayrı-ayrılıqda verilmiş iki şikayətini birləşdirərək bir qərar verib.

Şikayət ərizəçinin 2016-cı ilin iyulunda Facebook-da tənqidi status yazmasından sonra həbs edilməsi və işgəncəyə məruz qalması iddiası ilə bağlıdır. Ona Cinayət Məcəlləsinin (CM) 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,...hazırlama,... və ya satmaq) maddəsi ilə ittiham elan edilib və 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun əməlini CM-nin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edərək cəzanı 3 ilə endirib.

Vəkilin vurğulamasına görə, məhkəmə qeyd edib ki, işlərdə Avropa Konvensiyanın 3-cü (işgəncə) maddəsinin, 5-ci maddəsinin 1-ci bəndinin (hər kəsin qanuni əsas olmadan azadlığından məhrum edilməməsini təmin edir) və 6-cı maddəsinin 1-ci (ədalətli məhkəmə araşdırması hüququ) bəndinin pozuntusu baş verib: "Ən əsası məhkəmə belə nəticəyə gəlib ki, ərizəçinin azadlığının məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1 (c) bəndində nəzərdə tutulan məqsədlərdən fərqli məqsədlərlə tətbiq edilib. Mübahisələndirilən tədbirlərin əsl məqsədi ərizəçini onun fəal ictimai və siyasi fəaliyyətinə görə cəzalandırmaq olub. Buna görə də Konvensiyanın 5-ci maddəsi ilə əlaqəli şəkildə 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddəsinin pozuntusu baş verib".

Məhkəmə mənəvi zərərə görə 10 min avro, hüquqi xərclərə görə 2 min 54.81 avro kompensasiyanın ödənilməsi qərarına gəlib.

Bu qərara cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bu, Azərbaycana başucalığı gətirmir' - Avropa Məhkəməsinin qərarlarının icrası dayanıb?

Xatırlatma

E.Qəhrəman 2016-cı ildə narkotik ittihamı ilə həbs olunub, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay cəza verilmişdi. Sonradan Ali Məhkəmə cəza müddətini 3 ilə endirmişdi.

O zaman ictimai fəal özünü təqsirli bilməyərək Facebook hesabında yazdığı statusa görə şərlənərək həbs olunduğunu bildirmişdi.

Ötən il isə bəlli olub ki, E.Qəhrəman yeni cinayət məsuliyyətinə cəlb olunub. O, meclis.info saytının rəhbəri İmran Əliyevin işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Lakin istintaq dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

E.Qəhrəmana Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə ittiham verilib. Onların arasında qaçaqmalçılıq, vergidən yayınma, cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq və başqa ittihamlar var. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

İ.Əliyev isə 2024-cü il aprelin 19-dan həbsdədir. Ona ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham açıqlanıb. İstintaqın sonunda ona cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə və s. yeni ittihamlar irəli sürülüb.

Son üç ildə Azərbaycanda 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə üzləşərək həbs edilib. Onlar da ittihamı qəbul etmirlər.

Şikayətlər...

Amma son illər Azərbaycanda AİHM-in kompensasiyaların ödənilməsi ilə bağlı qərarlarının icra edilmə vəziyyətindən tez-tez şikayətlər eşidilir.

Bu şikayətlərə Azərbaycan rəsmilərindən konkret münasibət almaq mümkün olmayıb. Amma ötən ildən Azərbaycanda AİHM qərarları daha çox dartışmalar mövzusu olub. Məsələn, prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında Azərbaycanın nümayəndə heyətinin 2024-cü ildə Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən demişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir".

AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi və başqa səbəblər göstərilib. Azərbaycan hökuməti bu prosesdə iştirak edən AŞPA deputatlarının ölkəyə gəlişinə "stop" qoyulduğunu açıqlayıb. Ötən il isə Azərbaycandan AŞPA-ya nümayəndə heyəti göndərilməyib.