Azərbaycan bosniyalılara 165 min avro təzminat ödəməlidir

Bosniyadan olan qanunsuz miqrant işçilər Bakıda. 2009

Oktyabrın 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan olan 35 ərizəçinin müraciətləri ilə bağlı iki qərarını açıqlayıb. Məhkəmənin qərarı ilə Azərbaycan ümumilikdə 176 min 700 avro təzminat ödəməlidir. Bu barədə Azadlıq Radiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Gənclərin şikayəti

Bu işdə ərizəçilər müxalifətyönlü gənc fəallar - Ülvi HəsənovMəcid Məcidli idi. 2013-cü ilin iyulunda Bakıdakı "İçərişəhər" metrostansiyasında vərəqələr yayarkən polislər tərəfindən saxlanılan hər iki ərizəçi polisə aparılmış, bir gecə orda saxlanılmışdı. Barələrində "inzibati xəta haqqında protokol" tərtib edilən ərizəçilər hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırlmış, onlara 15 sutka həbs cəzası verilmişdi.

AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib, onların ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.

Ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 5850 avro təzminat ödəyəcək.

Bosniya və Herseqovina vətəndaşları…

Bu işdə ərizəçilər- 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edirdilər. Onlar AİHM-ə şikayətlərində bildirmişdilər ki, Bakıdakı "Buta Saray", "Bakı Ekspo Mərkəzi", "28 Mall" alış-veriş mərkəzi də daxil, məşhur binaların inşa edilməsində çalışıblar. Şikayətdə Gənclik və İdman Nazirliyinin də adı keçirdi.

33 ərizəçi iddia edirdi ki, onları işə götürərkən hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara, demələrinə görə, cəmi 3-4 dollar ödənilib. Yaşayış durumlarının dözülməz olduğunu, pasportlarının əllərindən alındığını və acınacaqlı şəraitdə saxlandıqlarını qeyd ediblər. Bildirildiyinə görə, hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndəriliblər.

AİHM onların iddialarını qismən qəbul edib, hesab edib ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib. Hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 5 min (ümumi – 165 min) avro ödəməlidir.

Hələlik, qərarlara cavabdeh rəsmi qurumların, habelə Məhkəmə Hüquq Şurasının münasibətini almaq mümkün olmayıb.