Noyabrın 25-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azadlıq" qəzetinin şikayəti üzrə qərarını elan edib.
İş 2012-ci ildə metro tarifləri artırılanda "Bakı Metropoliteni" QSC rəhbərliyini tənqid edən bir məqalənin dərcindən sonra qəzet barəsində çıxarılan hökmlərlə bağlıdır. Yerli məhkəmələr qəzetin Bakı Metropoliteninin keçmiş baş direktoru Tağı Əhmədovun nüfuzuna zərər vurduğunu deyərək yazı ilə bağlı təkzib vermək, ona 30 min 600 avro məbləğində təzminat ödəmək öhdəliyi qoyub. Qəzet isə Avropa Konvensiyasının 10-cu maddəsinə istinad edərək bu qərarların və sanksiyaların qeyri-mütənasib olmasından şikayət etmişdi.
AİHM Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını tanıyıb, qəzetə maddi ziyana görə 25 min avro, mənəvi ziyana görə 3 min, əlavə xərclərə görə 1 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyub.
"Azadlıq" qəzeti 2016-cı ildə maliyyə çətinlikləri səbəbindən çapını dayandırıb. 2017-ci ilin martından qəzetin vebsaytı da, bir sıra digər xəbər saytları kimi, bloklanıb.
2015-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon şöbəsinə rəhbərlik edən T.Əhmədov ötən il vəfat edib. O, 1998–2014-cü illərdə Bakı Metropoliteninə rəhbərlik edib.
AİHM-in qərarına maraqlı tərəflərin münasibəti bəlli deyil.
Xatırlatma
2012-ci il iyunun 13-də Yasamal rayon Məhkəməsi "Azadlıq" qəzetinin "Bakı Metropoliteni" QSC-nin rəisi T.Əhmədova mənəvi zərər əvəzi olaraq 30 min manat təzminat ödəməsinə qərar vermişdi.
T.Əhmədov "Azadlıq" qəzetinin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan "Tağı Əhmədov 5 qəpikləri mənimsədi" sərlövhəli məqalədən narazı qalmışdı. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə Bakı Metropolitenində gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılmışdı.
İddiaçı məhkəmədən xahiş edib ki, "Azadlıq" qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarsın.