'Politico': Avropa Komissiyasına kiberhücum olub

Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı

Avropa Komissiyası kiberhücuma məruz qalıb və nəticədə böyük həcmdə şəxsi məlumatlar ələ keçirilmiş ola bilər. Bu barədə bu gün – noyabrın 19-da "Politico" nəşri məlumat yayıb.

Nəşr Avropa İttifaqı (Aİ) rəsmisinə istinadla yazır ki, Komissiya hücumun qarşısını əsasən aldığını düşünsə də, dəymiş ziyanın tam miqyası hələ məlum deyil.

Avropa Komissiyası məsələ ilə bağlı bu gün səhər saatlarında göndərilən sorğuya dərhal cavab verməyib.

"Politico"nun xəbərinə görə, təxminən 10 gün çəkən hücum səbəbindən bir neçə sistem, o cümlədən əməkhaqqı, iş vaxtının uçotu və tibbi xərclərin ödənişi sistemləri oflayn rejimə keçirilib.

Komissiyanın sözçüsü Tomas Renye nəşrə açıqlamasında aşkarlanmış kiberkampaniyaya cavab olaraq zəruri tədbirlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, hücum zamanı ayrı-ayrı sistemlər hədəfə alınıb və standart prosedurlara uyğun olaraq aidiyyəti şəxslərə məlumat verilib.

"Politico" yazır ki, Avropa Komissiyası kiberhücumla əlaqədar ən yüksək səviyyəli daxili böhran qurumunun təcili iclasını çağırıb.

Texnologiya məsələləri üzrə Avropa komissarı Henna Virkkunen isə ötən gün digər komissarları mövcud vəziyyətlə bağlı məlumatlandırıb.