Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi təmsilçisi Maqdalena Qrono sentyabrın 3-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb.
Yerevanda keçirilən görüşdə tərəflər Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda imzaladıqları birgə bəyanatı, yaradılacaq iqtisadi imkanları müzakirə ediblər.
Tərəflər regional kommunikasiya kanallarının açılmasından, Aİ-Ermənistan əlaqələrindən də danışıblar.
M.Qrono ötən həftə Azərbaycanda olub, prezident İlham Əliyevlə Vaşinqton səfərinin nəticələrini müzakirə edib. Aİ təmsilçisi Naxçıvana da səfər edib, prezidentin bölgədə xüsusi təmsilçisi Fuad Nəcəfli ilə görüşüb.
"Nəqliyyat infrastrukturu ilə yerində, Aİ-nin onun işinin bərpasında mümkün iştirakı kontekstində tanış oldum", – o yazıb.
Rəsmi məlumata görə, M.Qrono İ.Əliyevlə görüşdə blokun nəqliyyat dəhlizinin gerçəkləşdirilməsinə dəstək verməyə hazır olduğunu deyib. Xüsusilə Naxçıvanda nəqliyyat infrastrukturunun yenilənməsində Avropa İttifaqı ilə əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib.
Avqustun 8-də isə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı bildirilir. "Tramp yolu" Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi marşrutdur. Yerevan "dəhliz" termini qəbul etmir.
Bəzi təhlilçilər Aİ-nin Cənubi Qafqazda daha uzunmüddətli maraqları və mövcudluğunu nəzərə alaraq, bloku bu prosesə cəlb etməyin vacib olduğunu deyiblər.
Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də tərəflər ABŞ-ın vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.