Aİ Rusiyaya sanksiyaları ilk dəfə 1 illiyə uzatdı - 21-ci paket gözlənilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Rusiyanın 'kölgə donanması'na kömək edib?

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların qüvvədə olma müddətini 31 iyul 2027-ci ilə qədər uzadıb. Şuradan verilən açıqlamada bildirilib ki, Moskva beynəlxalq hüququ pozmaqda davam etdiyi müddətcə bu məhdudiyyətlər qüvvədə qalacaq. Brüssel həmçinin ehtiyac yaranarsa, əlavə məhdudlaşdırıcı tədbirlər görməyə hazır olduğunu vurğulayıb.

Hazırkı sanksiyalar ticarət, maliyyə, energetika və ikili təyinatlı mallar sahələrini əhatə edir. Bura Rusiyadan dəniz yolu ilə neft və neft məhsullarının idxalına qadağa, Rusiya banklarına və kriptovaluta xidmətlərinə qarşı məhdudiyyətlər, eləcə də Rusiyanın bir sıra dövlət media qurumlarının Aİ-də yayımının dayandırılması daxildir.

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları ilk dəfə 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edib. 2022-ci ilin fevralında genişmiqyaslı müharibənin başlaması ilə bu məhdudiyyətlər daha da sərtləşdirilib. Bundan əlavə, ittifaq fiziki və hüquqi şəxslərə qarşı fərdi sanksiyalar tətbiq etməklə yanaşı, Krım və Ukraynanın işğal altındakı digər ərazilərinə qarşı iqtisadi məhdudiyyətləri də qüvvədə saxlayır.

Aİ liderləri həmçinin 21-ci sanksiya paketinin tezliklə razılaşdırılmasına çağırıb. Bu paketin Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri daha da azaltmağa, kölgə donanması ilə mübarizəni gücləndirməyə və Rusiya bank sisteminə təzyiqi artırmağa yönələcəyi gözlənilir.

Eyni zamanda, Ukraynaya dəstəyini bir daha təsdiqləyən Aİ Kiyevə hərbi, maliyyə və humanitar sahələr başda olmaqla, bütün istiqamətlərdə yardımı davam etdirməyə hazır olduğunu bildirib.