Avropa Xalq Partiyası (EPP) Avropa İttifaqına Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili və tərəfdarlarına sanksiyalar tətbiq etməyə çağırır, onların Gürcüstanda demokratiyanın, insan hüquqlarının və hüququn aliliyinin pozulmasında əli olduğunu bildirir.
EPP bildirir ki, "gürcü xalqı azadlıqları, Avropa gələcəyi uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda oliqarx İvanişvilinin "Gürcü Arzusu" partiyası oktyabrın 4-də Gürcüstan tarixində ən aşağı seçici fəallığı ilə növbəti saxtalaşdırılmış seçkiləri keçirib. Bu səsvermə əsas müxalifət partiyalarının boykotu, rejim əleyhdarlarına qarşı kütləvi repressiyalar və zorakılıq fonunda baş tutub".
Partiya hesab edir ki, həbslər və təqib təhdidləri insanların etiraz hüququnu məhdudlaşdırmaq, qərbyönlü müxalifəti aradan götürmək, cəmiyyətdə qorxu yaratmaq məqsədi daşıyır. Bu səbəbdən "Gürcü Arzusu"nu zorakılığı və repressiyaları dayandırmağa, gürcü xalqının Avropa hədəflərinə hörmət etməyə çağırırlar. EPP Avropa İttifaqını və üzv dövlətlərini İvanişvili və tərəfdarlarına ünvanlı sanksiyalar tətbiq etməyə səsləyir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə cavabında vurğulayıb ki, "ABŞ və Aİ xalqın seçdiyi hakimiyyəti devirmə cəhdinə qarşı çıxmayıb, özünü bundan kənar tutmayıb, bu isə devirmə və zorakılığa dolayı dəstək deməkdir".
"EPP Avropanın ən böyük partiyasıdır, daha çox hakim partiyaları birləşdirir... "Milli Hərəkat" da EPP üzvüdür... Milli Hərəkat və digər radikal müxalifət qüvvələrinin xalqın seçdiyi hakimiyyəti devirməyə cəhdi fonunda Avropa Xalq Partiyası Gürcüstan demokratiyasının düşmənlərinin deyil, Bidzina İvanişvili və hakim komandanın digər liderlərinin cəzalandırılmasını tələb edir. Bu bəyanat sayəsində gürcü cəmiyyəti Aİ-nin suverenliyini itirməsi və xaricdən idarə olunan Avropa bürokratiyası sayəsində düşdüyü faciəvi durumu anlayar", – Kobaxidze bildirib.
Gürcüstanda oktyabrın 4-də keçirilmiş mitinqin 23 iştirakçısı saxlanılıb. Təşkilatçılar etirazların "hökumətin sülh yolu ilə devrilməsi" məqsədi daşıdığını bildirib. Mitinqin beş təşkilatçısı barəsində həbs-qətimkan tədbiri seçilib.