Azərbaycan-Avropa İttifaqı danışıqları Bakıda davam edib

Bayramov-Qronon görüşü

Azərbaycan- Avropa İttifaqı (Aİ) münasibətlərinin institusional və hüquqi çərçivəsinin inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir ki, sentyabrın 10-da naziri Ceyhun Bayramov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Açıqlamaya görə, Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət, regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər nəzərdən keçirilib.

"Görüş zamanı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında normallaşma və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib", - əlavə edilir.

Azərbaycan və Ermənistan arasında 30 illik münaqişədən sonra ötən ilin avqustunda Vaşinqtonda, Ağ evdə ABŞ prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı iddialara son qoyulmasını vacib sayırlar.

Bundan sonra iki ölkə arasında yükdaşımaları başlayıb.

Xatırlatma

Azərbaycan Aİ ilə əməkdaşlığını 2009-cu ildə təsis olunmuş "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində davam etdirib. Proqramın digər üzvləri olan Ukrayna, Moldova və Gürcüstan artıq namizəd statusu qazansa da, Tbilisinin inteqrasiya prosesi mübahisəli qanunlar və seçki gərginliyi səbəbindən dayandırılıb. Belarus proqramdakı iştirakını dondurub, Ermənistan isə illər əvvəl hərtərəfli tərəfdaşlıq sazişi imzalayıb. Azərbaycanla bənzər sənəd üzrə 2017-ci ildən bəri davam edən danışıqlar isə hələ başa çatmayıb.

Son vaxtlar Azərbaycanda ictimai fəallar tez-tez Aİ rəhbərliyini Azərbaycan hökuməti ilə təmaslarda insan haqları ilə bağlı problemləri də qaldırmağa səsləyirlər.