Avropa İttifaqı Azərbaycana qarşı sanksiya tətbiq etsə, nə baş verər?

Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində. 29 may 2018

Oktyabrın 5-də Avropa Parlamentinin (AP) deputatları Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar qoyulmasına, Bakı ilə əməkdaşlığa yenidən baxılmasına və Azərbaycan qazından asılılığın azaldılmasına çağıran qətnamə qəbul edib. Bu qətnamənin icrası hüquqi baxımdan məcburi sayılmasa da, Avropa təsisatları deputatların rəylərini nəzərə ala bilər. Qətnamənin lehinə 491, əleyhinə 9 deputat səs verib. Daha 36 deputat bitərəf qalıb, 169 deputat səsverməyə qatılmayıb.

Qətnamə Avropa İttifaqı rəhbərliyini Azərbaycanla partnyorluq barədə sazişə dair danışıqları dayandırmağa çağırıb. Sənəddə deyilir ki, AP Azərbaycanla sadələşdirilmiş viza rejiminin müvəqqəti dayandırılmasına və bu ölkə ilə başqa sahələrdə əməkdaşlığın məhdudlaşdırılmasına çağırır. Qətnamədə qeyd olunur ki, Avropa İttifaqı Azərbaycan qazından asılılığını azaltmalı, Bakı və Yerevan arasında münasibətlər yenidən gərginləşərsə, bu ölkədən neft və qaz idxalını tam dayandırmalıdır.

Ənənəvi enerji iqtisadiyyatı strukturuna malik Azərbaycanda neft və qaz satışından əldə edilən gəlirlər həyati önəm daşıyır. Bu baxımdan, ölkənin enerji gəlirlərinin azalması Azərbaycan üçün ciddi risklər doğura bilər.

Buna da bax: Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağıran qətnamə qəbul etdi

Enerji sektorunda Avropanın payı

Dövlət Gömrük Komitəsinin (DGK) 2023-cü ilin ilk səkkiz ayı üçün açıqladığı göstəricilərə görə, bu müddət ərzində Azərbaycan toplam 24.3 milyard dollar ixrac gəliri qazanıb. Bu gəlirin 22.1 milyard dolları (91 faizi) məhz neft və qaz gəlirləri hesabına formalaşıb. Deməli, bu ilin ilk səkkiz ayında Azərbaycanın xarici ticarətdən qazandığı hər 100 dolların 91-i enerji sektorundan gəlib.

Azərbaycanın ən çox xam neft ixrac etdiyi ilk üç ölkədən ikisi Avropa İttifaqına daxildir. 2023-cü ilin ilk səkkiz ayında Azərbaycan xam neft satışından 11.2 milyard dollar qazanıb. Bu vəsaitin 42 faizi (4.7 milyard dolları) İtaliya hesabına təmin edilib. Bütövlükdə İtaliya Azərbaycanın ən böyük ticarət partnyorudur. Azərbaycanın toplam ixracında bu ölkənin payı 46 faizdir. Başqa deyimlə, Azərbaycanın xarici ticarətdən qazandığı hər iki dollardan, az qala, biri İtaliyadan gəlir. Azərbaycanın neft ixracından ən çox gəlir qazandığı ikinci ölkə İsrail (1.1 milyard dollar), üçüncü ölkə isə digər Avropa İttifaqı ölkəsi İspaniyadır (700 milyon dollar). İstər həcm, istərsə qazanc baxımından Avropa İttifaqının Azərbaycanın neft ixracında payı 60 faizi aşır.

Təbii qaz satışında da əsas yer Avropa İttifaqı ölkələrinə məxsusdur. Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk səkkiz ayında Azərbaycan toplam 15.8 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 48 faizi - 7.6 milyard kubmetri Avropa ölkələrinə satılıb. Türkiyənin Azərbaycanın təbii qaz ixracındakı payı 42 faiz, Gürcüstanın payı 10 faizdir.

Buna da bax: Azərbaycan - Güney Qafqazda qazancı ən çox, maaşı ən az olan ölkə

İxrac gəlirlərinin üçdə ikisi...

Azərbaycan 2023-cü ilin ilk səkkiz ayı ərzində Avropa İttifaqı ölkələrinə toplam 16 milyard dollarlıq ixrac gerçəkləşdirib. Başqa sözlə, Azərbaycanın bütün ixracında Avropa Birliyinin payı 66 faizdir.

Deməli, Avropa İttifaqının Azərbaycana hər hansı bir iqtisadi sanksiya tətbiq etməsi ölkənin ixrac gəlirlərinin üçdə ikisinin risk altına düşə biləcəyini göstərir. Azərbaycanın büdcə gəlirlərinin 35 faizə yaxını birbaşa enerji resurslarının satışı hesabına təmin edilir. Bu baxımdan, enerji gəlirləri ilə bağlı ortaya çıxa biləcək potensial risklər hökumətin büdcə öhdəliklərini gerçəkləşdirməsini də sual altına ala bilər.

İdxala gəlincə, Avropa İttifaqı idxal baxımından ixracla müqayisədə Azərbaycanın xarici ticarət əlaqələrində daha az rol oynayır. Bu ilin ilk səkkiz ayında Azərbaycanın toplam idxalında Aİ-nin payı 18.4 faiz olub. Müqayisə üçün: MDB ölkələrinin idxalda payı 29 faizə yaxındır. Halbuki bu ölkələrin Azərbaycanın ixracındakı payı cəmi 4 faizdir. Azərbaycanın idxalında ən böyük paya sahib olan Avropa İttifaqı ölkəsi Almaniyadır. 2023-cü ilin ilk səkkiz ayında Azərbaycan Almaniyadan 639 milyon dollarlıq idxal həyata keçirib. Bu, Azərbaycanın idxalının 5.7 faizinin Almaniya hesabına qarşılandığı deməkdir. Almaniya Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi dördüncü ölkədir. Azərbaycanın ən çox məhsul idxal etdiyi ilk 10 ölkənin sıralamasında iki Aİ ölkəsi daha var. Azərbaycanın ən çox idxal həyata keçirdiyi altıncı ölkə Fransa (3.1 faiz), doqquzuncu ölkə isə İtaliyadır (2.63 faiz).

Buna da bax: Son bir ildə Azərbaycan iqtisadiyyatı yerində sayıb

Neft Fondunun aktivləri

Azərbaycana hər hansı iqtisadi sanksiyaların tətbiqi ölkənin xaricdəki aktivləri baxımından da risklər doğura bilər. Bu ilin əvvəlinə Dövlət Neft Fondunun idarəetməsində olan vəsaitin həcmi 49 milyard dollardır. Neft Fondunun investisiya portfelində Avropa regionunun payı 29.6 faizdir. Bu göstərici ilə Avropa regionu Şimali Amerikadan sonra Neft Fondunun investisiya portfelində ən böyük paya sahibdir. Neft Fondunun investisiya fondunun 20.4 faizi isə Avropa İttifaqının rəsmi valyutasında - avroda saxlanılır. Bu baxımdan, aydın olur ki, ölkəyə tətbiq edilə biləcək potensial sanksiyalar Neft Fondunun aktivlərinin də təxminən dörddə birini risk altına sala bilər.