ABŞ Ukraynadakı müharibəyə görə Moskvanı ittiham edir

ABŞ-ın ATƏT-dəki missiyası Rusiyanı Ukraynada “beynəlxalq qanunları pozmaqda” ittiham edən sərt bəyanatla çıxış edib.

Fevralın 1-də açıqlanmış bəyanatda deyilir ki, Moskvanın şərqi Ukraynada davam edən “təcavüzü” 10 min ukraynalının həyartına son qoyan uzun münaqişə ilə nəticələnib.

Bəyanatda beynəlxalq humanitar yardım işçilərinin münaqişə zonalarına buraxılması üçün Moskvaya çağırış edilir.

ABŞ-ın bəynatında habelə “Rusiyanın Krımı işğal etdiyini dilə gətirəcək qədər cəsarətli” olan insanların, xüsusən də Krım tatarlarının vəziyyətindən narahatlıq ifadə edilir.

Bəyanatda deyilir ki, Krım tatarlarına cəzasızlıq şəraitində divan tutulur, onların evlərində axtarış aparılır, onlara qarşı qondarma ittihamlar irəli sürülür.

ABŞ-ın bəyanatında deyilir ki, Rusiya rəsmiləri Ukraynadakı münaqişəni vətəndaş müharibəsi kimi təqdim etməyə çalışırlar.

Bəyanatda deyilir: “Biz həqiqəti bilirik. Donbasdakı qəddar müharibə Rusiya tərəfindən təhrik edilir və qızışdırılır”.

Daha sonra sənəddə bildirlir: “Biz Rusiyanın Krımı işğal və ilhaq etməsini qəbul etmirik və heç vaxt da qəbul etməyəcəyik. Rusiya üzərinə qoyulmuş sanksiyalar Krım yarımadası Ukraynanın tabeçilyinə verilənədək qüvvədə qalacaq”.