Azərbaycan yenə atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın silahlı qüvvələri aprelin 5-də Tavuş rayonunun Çinari və Geqarkunik vilayətinin Verin Şorca məntəqələri yaxınlığında Ermənistan silahlı qüvvələrinin mövqelərini kiçik çaplı silahlardan atəşə tutub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhədin şimal-şərq hissəsində Azərbaycanın mövqelərini atəşə tutmasına dair Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və bunu “növbəti dezinformasiya” adlandırıb.

***

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, aprelin 5-də saat 17:25 radələrində Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Hələlik, bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bu həftənin əvvəlində Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırmışdı.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 1-i Ermənistan silahlı qüvvələri onun Naxçıvan Muxtar Respublikasının Sədərək və Şahbuz rayonları istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Amma Ermənistan Müdafiə Nazirliyi (EMN) həmin məlumatı təkzib etmişdi.

"... Azərbaycan Silahlı Qüvvələri aprelin 1-də saat 22:00-da Qut kəndi (Geğarkunik vilayəti) və aprelin 2-də saat 00:40-da Tex kəndi (Sünik vilayəti) istiqamətində erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar", - Ermənistan qarşı tərəfi günahlandırmışdı.

Buna da bax: Armen Qriqoryan: Ermənistan və Azərbaycan arasında yeni eskalasiya Bakıdan çox Moskvadan asılıdır

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa etdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.