Bakı və Yerevan atəşkəs pozuntusu ilə bağlı bir-birini ittiham edir

Azərbaycan-Ermənistan sərhəddi, Ermənistan əsgəri, 22 iyul 2021

Azərbaycanın Müdafiə Nazirluiyi iyulun 16-sı Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdəki Azərbaycan ordusunun mövqelərinin bir saata qədər atəşə tutulduğunu bildirir.

"İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun (Vardenis) Yuxarı Şorca (Verin Shorja) yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub."

Məlumatda vurğulanır ki, atəşkəs pozuntusuna adekvat cavab verilib.

Ermənistanın Müdafiə Nazirliyi isə yayılan bu məlumatı dezinformasiya adlandırır və bildirir ki, əksinə qeyd olunan sərhəd bölgəsində Azərbaycan ordusu Ermənistan ordusunun mövqelərini müxtəlif növ, o cümlədən iriçaplı silahlardan atəşə tutub.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.