Sentyabrın 29-dan oktyabrın 3-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası keçiriləcək.
Sessiyada AŞPA-nın növbəti beş il üçün baş katibi seçilməlidir.
Azərbaycan nümayəndə heyətinin bu sessiyanın da işinə qatılacağı bilinmir. Bu barədə rəsmi qurumlar hər hansı açıqlama verməyib.
Azərbaycanın AŞPA-da səsvermə hüququ ötən ilin əvvəlindən dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan hakimiyyəti qurum qarşısında insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.
Ülvi Həsənlinin xanımı ölkədən buraxılmadı
Bu ara bəlli olub ki, "AbzasMedia" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin xanımı Rübabə Quliyevanın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Quliyeva sentyabrın 28-də həyat yoldaşının finalçılarından biri olduğu Vatslav Havel İnsan Haqları Mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa getməli idi. Lakin hava limanında pasport yoxlanışı zamanı ona Daxili İşlər Nazirliyinin (DİN) ölkədən çıxışına qadağa qoyduğu söyləndiyi bildirilir. Qadağanın hansı işlə bağlı olduğu barədə isə heç bir izahat əldə etmək mümkün olmayıb
R.Quliyeva məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi Samir İsmayılovla əlaqə saxladığını, lakin müstəntiqin vəziyyətdən xəbərsiz olduğunu və araşdırma aparılacağını dediyini bildirib.
Onun açıqlamasına DİN-dən münasibət almaq mümkün olmayıb.
2023-cü ilin noyabrında "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə həbs edilmişdi. Onlara qarşı qaçaqmalçılıq və maliyyə cinayətləri ittihamları irəli sürülsə də, jurnalistlər ittihamların əsassız olduğunu bildiriblər.
İki ilə yaxın davam edən istintaq və məhkəmə araşdırmalarının sonunda iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Həsənli, Vaqifqızı, Babalı və Mehralızadəni 9 il, Absalamova və Qasımovanı 8 il, Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.