Ali Məhkəmədən Aslan İsmayılova yaşıl işıq

A.İsmayılov

Noyabrın 12-də Azərbaycan Ali Məhkəməsinin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib.

Bu barədə AzadlıqRadiosuna hüquqşünas Xalid Ağalıyev məlumat verib.

Məlumata görə, buna səbəb Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) A.İsmayılovun şikayəti üzrə 2020-ci ilin martında qəbul etdiyi qərardır.

"Viza" Hüquq Firmasının rəhbəri A.İsmayılovun vəkillik fəaliyyətinə 2013-cü ildə xitam verilmişdi. Vəkillər Kollegiyasının İsmayılovun bu qurumdan çıxarılması tələbi ilə iddiasına Nərimanov Rayon Məhkəməsində baxılıb iddia təmin edilmişdi. Məhkəmə əsas göstərmişdi ki, A.İsmayılov qanunsuz şəkildə hakimlərin otağına daxil olub, təhqirə, təhdidə yol verib.

A.İsmayılov daxili müdafiə vasitələri tükəndikdən sonra yerli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. AİHM isə müvafiq qərarında A.İsmayılova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi…

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in "Aslan İsmayılov Azərbaycana qarşı" qərarının icrasına Namazov Qrupu çərçivəsində nəzarət edir. Bu qrupa AİHM-in Azərbaycanla bağlı üç qərarı (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov) daxil edilib. Hər üç qərar ərizəçilərin Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərin hamısında vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi.

İki ay öncə AŞNK də hər üç şəxsin məsələsini qaldırmışdı. Hökumətdən hər üç ərizəçi ilə bağlı işlərə yenidən baxılması, qərar verilməsi istənilirdi.

Elçin Namazov 2011, Xalid Bağırov isə 2015-ci ildə kollegiyadan xaric edilib. Ali Məhkəmənin Plenumunun digər bu iki hüquqşünasla bağlı məsələyə, hələlik, baxmamasına isə onlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son illər Azərbaycan Vəkillər Kollegiyasından bir çox vəkil xaric edilib. Onlardan bir çoxunun müxalifətçilərin, araşdırmaçı jurnalistlərin vəkili olduğu qeyd edilir və bu qərar siyasi sifariş kimi yozulur.

Amma Azərbaycan Vəkillər Kollegiyası onların xaric edilməsini qanunvericiliyin tələblərini pozmaları ilə izah edib.