Bu gün, iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır.
İyunun 29-na kimi davam edəcək sessiyada Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçinin təyin ediləcəyi gözlənir.
Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yerinə qurum Serbiya üzrə həmməruzəçi təyin etməlidir.
Sessiyada habelə, bu il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkisini izləmiş qurumun müşahidə missiyasının rəhbəri Riçard Badea hesabat təqdim etməlidir.
Həmçinin, yay sessiyası zamanı AŞPA-nın yeni prezidentini seçəcəyi də gözlənilir. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da nəzərdə tutulub.
Müzakirələrdə Suriyadan olan qaçqınların durumu, Avropa Şurasına üzv dövlətlərdə hüquq müdafiəçilərinin müdafiəsi, bu ölkələrdə qeyri hökumət təşkilatlarının (QHT) fəaliyyəti və başqa məsələr də nəzərdən keçirilməlidir.
Xatırlatma
Avropa Şurası bir müddət öncə korrupsiya iddiaları ilə bağlı 10 aydan artıq davam edən istintaqın nəticələrini açıqlamışdı. Həmin vaxt açıqlanan hesabatda bildirilirdi ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.
Aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunurdu ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.
“Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanırdı.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bunu rədd edib, “Azərbaycana qarşı nifrət kampaniyası”nın hədəfinin Bakıyla Avropa Şurası arasında “uçurum” yaratmaq olduğunu demişdi.
Sonradan onun özünə 2 illik sanksiya qoyulub. Həmin müddətdə o AŞPA-da yüksək vəzifə tuta və məruzəçi kimi fəaliyyət göstərə bilməz.
Bu il aprelin 11-də isə Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçkini hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev növbəti dəfə qələbə ilə başa vurub.
Mərkəzi Seçki Komissiyası və YAP seçkinin azad və ədalətli keçirildiyini bəyan edib. Bəzi müxalifət partiyaları seçkini boykot etmişdilər ATƏT və Avropa Şurasını təmsil edən beynəlxalq müşahidə missiyası isə seçkidə rəqabətin olmadığını açıqladılar.
Müşahidə missiyasının hesabatında vurğulanırdı ki, seçki günü topa bülletenlərin seçki qutusuna atılması hallarına da yol verilib.
Yerli hüquq müdafiəçilərinin fikrincə, Azərbaycanda hazırda 140 civarında siyasi məhbus var. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cələb ediliblər.