Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Bu, Milli Məclisdə bu gün, dekabrın 26-da müzakirəyə çıxarılan "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun qəbul ediləcəyi halda, 2027-ci il iyulun 1-də qüvvəyə minəcək.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Statistika
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, son illər qeyd edilən məhsulların ölkəyə idxalı artıb. Azərbaycana 2024-cü ildə 1 min 45 ton asbest (+76.8 faiz) və 27 min 634 ton tərkibində asbest olan təbəqələr (-8.6 faiz) idxal edilib.
Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir.
Avropa təcrübəsi
Elmi araşdırmalardan onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı açıqlandıqdan sonra bir sıra ölkələrdə (əsasən ABŞ və Avropa ölkələrində) asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırdığı vurğulanır.
Azərbaycanda bundan öncə…
Azərbaycanda bundan öncə, 2000-ci illərin əvvəlində də asbest və tərkibində asbest olan materialların dövriyyəsinin qadağan edilməsi gündəmə gəlmişdi. Hətta belə iddialar var idi ki, evləri və başqa tikililəri şiferlə örtülən vətəndaşlara bunun dəyişdirilməsi üçün dövlət kompensasiya da verəcək. Amma sonradan bu deyilənlər gerçəkləşməmişdi.
Azərbaycanda evlərin şiferlə örtülməsi daha çox Aran rayonlarında yayılıb. Bu onların evləri sərin saxlaması ilə izah edilirdi.