Keçmiş nazir oğlu vəzifədən getdi

Arif Rəhimov

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru dəyişib. Şirkətdən "Turan"a bildirilib ki, son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətinə özəl sektorda davam edəcək.

A.Rəhimov ötən il vəfat edən, 2006–2021-ci illərdə gənclər və idman naziri olmuş Azad Rəhimovun oğludur.

Deyilib ki, yeni icraçı direktor Maqsud Fərzullayev olub.

Yeni direktor

O, Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. M.Fərzəliyev 2015-ci il Avropa və 2017-ci İslam Həmrəyliyi oyunları, eləcə də 2022-ci il "Formula 1" Azərbaycan Qran Prisinin təşkilat komitəsində iştirak edib. Azərbaycan Milli Gimnastika Federasiyasına Birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edir.

Xatırlatma

Azərbaycanda "Formula-1" yarışları 2016-cı ildən keçirilir. Amma 2020-ci il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.