Azərbaycanda ötən il bal istehsalı azalıb. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, martın 12-də yaydığı məlumatda bildirilir.
Rəsmi açıqlamaya əsasən, 2025-ci ildə arıçılıqla məşğul olan 29 min 456 təsərrüfatda mövcud olan 545.1 min arı ailəsindən 4 min 757 ton bal, 122.9 ton mum, 7.5 ton vərəmum, 14.9 ton güləm və 254 kq arı südü əldə edilib: "İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28.5 manat, mumun – 17.7 manat, vərəmumun – 135.3 manat, güləmin – 154.6 manat təşkil etmiş, arı südünün 1 qramının orta satış qiyməti isə 6.8 manat olub".
DSK xatırladır ki, 2024-cü illə müqayisədə 2025-ci ildə arı ailələrinin sayı 5.9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2.1 faiz, bal istehsalı 7.9 faiz, mum istehsalı 6.9 faiz, vərəmum istehsalı 12.2 faiz, güləm istehsalı 11.2 faiz azalıb, arı südü istehsalı isə 6.2 faiz artıb.
Rəsmilər bunun səbəbi ilə bağlı hər hansı açıqlama verməyiblər. Amma ekspertlər bunu anormal qarsalayıblar. Onlar deyirlər ki, əslində son illər Azərbaycanın işğaldan azad edilən əraziləri arıçılığın da inkişafına təkan verməlidir. Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanda bal istehsalının 14 faiz artdığı açıqlanmışdı.
Xatırlatma
Arı mumu bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddədir. Arı şanı toxuduqdan sonra onun içərisinə bal yığır və bala qoyur.
Vərəmum bitkilərin tumurcuqlarından toplanmış qatranabənzər müalicəvi məhsuldur.
Güləmə arı çörəyi də deyirlər. Arı südü isə cavan arılarda xüsusi vəzlərdə yaranır.