Vardanyana hökm oxunub

Ruben Vardanyan

Fevralın 17-də Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə iclasında yekun qərar (hökm) elan olunub.

Hökmə əsasən, R.Vardanyan qəti olaraq 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Prokuror R.Vardanyanın ömürlük həbs olunmasını təklif etmişdi.

10 fevral

Vardanyanın işində məhkəmə baxışı başa çatıb

AZƏRTAC-ın xəbərinə görə, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən Ruben Vardanyanın son söz çıxışından sonra sədrlik edən Zeynal Ağayev məhkəmə baxışının başa çatdığını elan edib.

Müşavirədən qayıtdıqdan sonra məhkəmənin yekun qərarı elan olunacaq.

Rəsmi agentliyin xəbərində qeyd edildiyinə görə, R.Vardanyan son söz çıxışında konkret məsələlərlə bağlı yox, ümumi sözlərlə danışıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsini oxuduğunu söyləyib. Amma bundan öncə o, ittihamları qəbul etmədiyini bildirərək prosesi 'absurd teatrı' adlandırmışdı.

R.Vardanyanın məhkəməsi ötən ilin fevralında başlayıb. O, təcavüzkar müharibəni planlaşdırma və başlama, qəsdən adam öldürmə və başqa ağır cinayətlərdə ittiham edilir. Vardanyan həbsinə etiraz olaraq bir neçə dəfə aclıq aksiyası da keçirdiyini açıqlayıb.

5 fevral

Araik Harutyunyan ömürlük həbs cəzası aldı

Fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan "Dağlıq Qarabağ respublikası"nın keçmiş liderləri və onlarla birlikdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, "Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti" Araik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"Müdafiə nazirinin birinci müavini" Davit Manukyan, "parlament sədri" Davit İşxanyan, "keçmiş müdafiə naziri" Levon Mnatsakanyan və "keçmiş xarici işlər naziri" Davit Babayan da ömürlük həbs cəzası alıblar.

"Keçmiş prezident"lər Arkadi Qukasyan Bako Saakyana 20 il həbs cəzası verilib.

Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurqen Stepanyan və Erik Qazaryan da 15 il azadlıqdan məhrum ediliblər. Qərarda hökm çıxarılanadək M.Babayanın 65 yaşına çatdığının nəzərə alındığı bildirilib.

Bu məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslərin son sözlərindən sonra, dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə getmişdi.

Harutyunyan və onunla mühakimə olunan 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Məhkəmə önünə çıxarılan 15 nəfər çıxışlarında ittihamları qəbul etmədiklərini bildirərək bəraət istəyiblər.

Qarabağdakı keçmiş separatçı rejimin "dövlət naziri" olmuş milyarder Ruben Vardanyan isə tək mühakimə olunur. Onun da işinə Bakı Hərbi Məhkəməsinin sədri və iki hakimindən ibarət eyni kollegiya baxır.

Vardanyan məhkəmədə ifadə verməkdən imtina edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ separatçılarının məhkəməsi başlayıb. Yerevanda etiraz aksiyası keçirilib

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

İndi Bakıda mühakimə edilən şəxslər də elə, əsasən, 2023-cü ildə tutulublar.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.