Tim Kuk 'Apple'ın baş direktoru vəzifəsindən gedir

Tim Kuk

Tim Kuk ABŞ-nin "Apple" texnologiya nəhənginin baş icraçı direktoru vəzifəsindən gedir və Direktorlar Şurasının sədri olacaq. Şirkətin yaydığı press-relizdə bildirilir ki, Kuk bundan sonra da şirkətin ABŞ prezidenti Donald Trampla əlaqələrini kurasiya edəcək.

Bu il sentyabrın 1-dən "Apple"ın yeni baş direktoru Con Ternus olacaq.

50 yaşlı Ternus 2001-ci ildən şirkətdə çalışır, hazırda onun aparat təminatı üzrə vitse-prezidentidir. "Reuters" yazır ki, son illər "Mac" kompüterlərinin satışının bərpası məhz onun adı ilə əlaqələndirilir.

65 yaşlı Kuk 1998-ci ildən "Apple"da işləyir, 2011-ci ildə Stiv Cobsun istefasından sonra ona rəhbərlik edib. O, "Apple Watch", "AirPods" və "Apple Vision Pro" məhsullarını, "iCloud", "Apple Pay", "Apple TV" və "Apple Music" xidmətlərini istifadəyə verib.

"Bloomberg" qeyd edir ki, Kukun rəhbərliyi dövründə şirkətin səhmləri 20 dəfə bahalaşıb. Şirkətin bazar dəyəri 350 milyard dollardan 4 trilyon dollara, gəlirləri 2011-ci ildəki 108 milyard dollardan ötən maliyyə ilində 416 milyard dollara yüksəlib.